Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş oftalmoloq alim.

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi" mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib.

1968-ci ildən başlayaraq Zərifə Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə Əliyeva bütün həyatı boyu itirməmişdir. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.

Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.

Zərifə Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

 

Bütün hüquqlar qorunur. (C) 2020