Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.


Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan Elmlər Akademiyasının Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilib. Burada "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləyib, 1954-cü ildə müdafiə edib.

Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçisi, eyni zamanda bölmə müdiri kimi çalışıb. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olub, AXC İdarə Heyətinin üzvü seçilib.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub. Hazırda Bakıda bir küçə onun adını daşıyır.

1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında həyat yoldaşı ilə birlikdə faciəli şəkildə dünyasını dəyişib. Bakıda Fəxri Xiyabanda dəfn edilib.


Əsərləri:
Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən.
Ürəkbir, diləkbir.


Tərcümələri:
Gürcücədən
Qardaşlar (hekayələr)
Bir gecənin sevinci (hekayələr)
Arçil Sulakauri: Aşağı-yuxarı (povest və hekayələr)
Şota Rustaveli: Pələng dərisi geymiş pəhləvan
Mixail Cavaxişvili: Torpaq çəkir
İlya Çavçavadze: Dilənçinin hekayəti
Kür Xəzərə qovuşur (gürcü ədəbiyyatından seçmələr)

Bütün hüquqlar qorunur. (C) 2020