Leyla Məmmədbəyova 1909-cu ilin 9 sentyabrında Bakıda dünyaya göz açıb. Valideynləri ilə birlikdə doğma şəhərindən uzaq düşdüyü vaxtarda balaca Leyla inqilabçıların köməkçisinə çevrildi. İnqilab dalğası Həştərxanı öz ağuşuna almışdı. Şəhərdə barrikadalar qurulmuşdu. Leyla uşaq olduğundan, jandarmların diqqətini cəlb etmirdi. Ona görə də inqilabçılar məktublarını, sənədləri ona verib, lazımi ünvanlara göndərirdilər. Əmisi oğlu da bolşevik idi. O, XIX ordu ilə Bakıya gəldi. 1920-ci ildə Leylagil də qayıtdılar. 

On iki-on üç yaşları olanda anası vəfat etdi. Atası və üç əmisi çalışırdılar ki, Leyla anasızlığını hiss etməsin. O, elə əvvəldən dörd qardaşın sevimlisiydi. Ailənin tək uşağı idi. Həm də bu dünyadan gənc yaşında, nakam köçmüş bibisinin adı verilmişdi ona. Ələsgər Zeynalov illər sonra yenidən evləndi. 1935-ci ildə bir oğlu da oldu.

Leyla isə 1925-ci ildə, on dörd yaşında artıq ata ocağından köçmüşdü. Əslən kürdəxanılı olan ondoqquzyaşlı Bəhrəm Məmmədbəyovla ailə qurmuşdu. İlk övladı dünyaya gələndə Leyla Məmmədbəyova on altı yaşındaydı. Onun bəxti gətirmişdi. Həyat yoldaşı Leyla Məmmədbəyovanı işləməyə, ictimai həyatda fəal olmağa həvəsləndirirdi...

Sonralar Bəhram Məmmədbəyov müxtəlif vəzifələrdə çalışıb, böyük hörmət qazanıb. 1927-ci ildə kommunist partiyasının sıralarına daxil olub. Xanlar Məmmədbəyov deyir: "1928-ci ildə iclas keçirilib. Əvvəlcədən bütün kommunistlərə tapşırıblar ki, həyat yoldaşlarınızı gətirin. Atam da anamı aparıb. O vaxtlar çadrasını atan qadınların siyahısını aparırdılar. İclas zalında çağırış ediblər. Anam çadrasını başından açıb, amma atmayıb, qoltuğuna vurub". Onda Leyla Məmmədbəyovanın on doqquz yaşı var idi.

Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən xəbər tutdu. Həyat yoldaşı Dəvəçidə işləyirdi. Oradan yazırdı ki, işləməyə get. Leyla Məmmədbəyova qərarını verdi...

Təyyarəçilər məktəbinə 22 nəfər qəbul etdilər. Onların arasında yeganə qadın oldu. Hərbi forma da verildi. Geyinib həyat yoldaşının yanına getdi. Bəhram Məmmədbəyov qapını açdı. Qarşısında kişi hərbi geyimində biri dayanmışdı, oğlana oxşayırdı, ancaq hörükləri dizdən aşağı sallanırdı. Əvvəlcə tanımadı. Sonra gülə-gülə "Afərin sənə, uç!" - dedi.

Bir gün ona "Əsasnaməyə görə, təyyarəçi hörük gəzdirə bilməz", - dedilər. Məsləhətləşmək üçün evə gəldi. Həyat yoldaşının qanı qaraldı. Amma hörüklərini kəsəndən sonra ona diqqətlə baxıb: "Pis deyil!" - dedi.

Bakı aeroklubunda təhsil alan Leyla Məmmədbəyovanın 1931-ci ildə ilk uçuşu olmalıydı. O gün həyatının ən unudulmaz anlarını yaşadı. Bakı aeroklubun kursantları uçuş meydanında sıraya düzüldülər. Bir neçə dəqiqədən sonra Leyla Məmmədbəyova "U-1" təyyarəsində təcrübəli təlimatçı ilə birgə ilk dəfə havaya qalxdı. Səmada qanadlanan təyyarənin kabinəsində özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi. İlk müstəqil uçuşu uğurla başa vudu. Təriflər, təbriklər eşitdi.

Leyla Məmmədbəyova Moskvaya oxumağa getdi. Gərgin təhsil, təlim və uçuş günləri yenidən başlandı. "U-2" təyyarəsini idarə etməyi öyrəndi, tanınmış təyyarəçilərlə tanış oldu.

Anam hər dəfə təyyarədə uçanda atam narahatlıq keçirirmiş. Paraşüt məsələsi ortaya çıxanda daha əsəblərini cilovlaya bilməyib. Hirsli-hirsli deyib: "Sənə dedim, get oxu, işlə. Demədim ki, get göyə çıx. Yaxşı, dinmədim. Gül kimi saçların vardı, onları da kəsib-atdın, dinmədim. İndi də paraşütdən tullanmaq istəyirsən, paraşüt açılmadı, göydən gəlib düşdün yerə. Uşaqlara kim baxacaq?". Leyla Məmmədbəyova susurdu. Həyat yoldaşını yaxşı başa düşürdü. Ancaq qərarından dönməyəcəkdi.

1933-cü ilin 17 martında Moskvanın Tuşino aerodromunda "U-2" təyyarəsindən paraşütlə atıldı. Ona qədər Sovet İttifaqında 84 nəfər paraşütçü olmuşdu. Onların da yalnız biri qadın idi. Leyla Məmmədbəyova Nina Kamnevadan sonra ikinci qadın paraşütçüsü oldu.

1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutdu. 1935-ci ildə, Sovet Azərbaycanının 15 illiyi tamam olanda respublika nümayəndə heyətinin tərkibində Moskvaya getdi. SSRİ MİK-in sədri ona "Şərəf nişanı" ordenini təqdim edən M.Kalinin "Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə uçmağınızı arzu edirəm", - dedi.

Leyla Məmmədbəyova Bakıda hələ də qadınların çadranı atmasına, çalışmasına, ictimai işlərə qoşulmasına qadağalar qoyulduğu bir vaxtda bu işləri görürdü. 1933-cü ilin yanvarında Əli Bayramov adına qadın klubunun ən fəal üzvlərindən biri, tikiş sexinin işçisi Səriyyə Xəlilova atası və qardaşı tərəfindən qətlə yetirildi. O zaman bu faciə çoxlarını sarsıtdı. 1934-cü ildə rejissor Mikayıl Mikayılov iki gənc qadının - Leyla Məmmədbəyovanın və Səriyyə Xəlilovanın həyatından bəhs edən film çəkdi. "İsmət" adlı filmdə rejissor ümumiləşdirmə apararaq, Azərbaycan qadınlarının taleyini əks etdirdi.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Leyla Məmmədbəyova dörd uşaq anasıydı. Kiçik qızı elə həmin il dünyaya gəlmişdi. Onu cəbhəyə aparmadılar. Bakı aeroklubu da bağlandı. Leyla Məmmədbəyova Mir Cəfər Bağırovun qəbuluna getdi. Ona işsiz qaldığını dedi. Axır ki, planer-paraşüt klubunun açılmasına nail oldu. Sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirdi. Müharibə illərində yüzlərlə desantçı və dörd min paraşütçü-desant hazırlayıb cəbhəyə yolladı. Şagirdlərinin ikisi - Adil Quliyev və Nikolay Şeverdyayev Sovet İttifaqı Qəhrəmanı oldu. Azərbaycanda ilk hərbi təyyarəçi qadın - Züleyxa Seyidməmmədova Leyla Məmmədbəyovadan ilham alaraq bu sənətə gəldi.

Leyla Məmmədbəyovanın müharibə və müharibədən sonrakı illərdə aldığı mükafatları arasında "Analıq medalı" da var idi. Altı uşaq böyüdüb tərbiyə etdiyinə görə layiq görülmüşdü bu medala. Leyla Məmmədbəyovanın böyük oğlu Firudbəy 18 yaşında II Dünya Müharibəsində, kiçik oğlu Xanlar isə 45 yaşında Qarabağ müharibəsində vuruşub.

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Bütün hüquqlar qorunur. (C) 2020