Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən qısa zaman sonra fərdi yaradıcılığa başlayıb.

1945-ci ildən Şövkət xanım Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, sonralar isə Azkonsertdə özfəaliyyətini solist kimi davam etdirdi. Müğənninin solo konsertləri dinləyicilərdə ona qarşı böyük rəğbət oyatdı.

Şövkət Ələkbərovanın yaradıcılığında üçüncü mərhələ önəmli 50-ci illər mərhələsidir. Bu illərdə Şövkət Ələkbərova xalq və bəstəkar mahnılarının bir nömrəli ifaçısı kimi tanındı. Müğənni Qatar, Şahnaz, Segah muğamlarını özünəməxsus tərzdə ifa edirdi və onlara yeni nəfəs gətirirdi. Şövkət xanım "Qarabağ şikəstəsi", "Süsən sünbül", "Dəli Ceyran", "Ay qadası", "Yar gəldi", "Kürdün gözəli", "Ceyran", "Gül açdı" xalq mahnılarını ifa edərkən dinləyicilər onun kövrək qəlbini, incə duyğularını hiss edirdilər.

1950-ci illər Şövkət xanımın yaradıcılığında xüsusi məhsuldarlığı ilə seçilir və bunun məntiqi nəticəsi kimi müğənni Azərbaycanın Əməkdar (1954) və Xalq (1959) artisti fəxri adlarına layiq görüldü.

Bu onilliyin sonunda (1959) Şövkət xanım öz məharətini Moskvada, Böyük Teatrın səhnəsində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü çərçivəsində təşkil olunan konsertdə göstərdi. Müğənninin çıxışları paytaxt tamaşaçılarını da valeh etdi.

Özünü dünyaya sevdirən Azərbaycan müğənnisi Şövkət Ələkbərova öz repertuarına fars, ərəb, türk və başqa dillərdə oxuduğu mahnıları da daxil etmişdi. Qastrol səfərləri müğənni ömrünün bir fəsli kimi tarixdə qalıb, axı bu səfərlərin nəticəsi Azərbaycanı və Azərbaycan musiqisini dünyaya tanıtmaq olub. Şövkət xanım Rusiya, İran, Əfqanıstan, İraq, Əlcəzair, Suriya, Mərakeş, Tunis, Misir, Şri-Lanka, Hindistan, Çin, Türkiyə, Fransa, İsveçrə, İsveç və Almaniya, Bolqarıstan, Polşa və Çexoslovakiya musiqisevərlərini öz bənzərsiz ifasıyla, ecazkar səsi ilə ovsunlamışdı.

Müğənninin repertuarında "Ənəlhəq", "Füzuli", "Ay işığında", "Oxu gözəl", "Eşqimdə təmənnasızam", "Tellər oynadı", "Küsüb məndən", "Bir könül sındırmışam", "Bayram şamları", "Durnalar", "Oxu tar", "Getmə amandı", "Şəki", "Bakı gecələri", "Qubalı qız", "Dərələr", "Ağ çiçək" kimi ürəklərdə iz qoyan mahnı-kantatalar və mahnılar var idi.

Şövkət xanım zamanın nəbzini tuta bilən müğənni olmuşdur. O, sənətdə nəsillər arasında körpü yaradan bir müğənni idi. Şövkət xanım həmişə təravətli və ecazkar səsilə həm yaşlı nəslin nümayəndələri olan ölməz sənətkarlarımız Səid Rüstəmovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Qənbər Hüseynlinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın, Zakir Bağırovun və başqalarının əsərlərini, həm də yeni nəsli təmsil edən Emin Sabitoğlu və Polad Bülbüloğlu kimi bəstəkarların mahnılarını eyni məharətlə ifa etmişdir.

Şövkət xanım Azərbaycan xalq musiqisində ənənələrə sadiq qalan və eyni zamanda ənənələr silsiləsini davam etdirən bir şəxsiyyət olmuşdur. O, səhnəyə özünə məxsus ifa tərzi və davranış qaydaları gətirmişdi. Məhz bunlar onu sənət zirvəsinə ucaltdı və əlçatmaz etdi, məhz bunlara görə onun oxuduğu mahnılar xalqımızın tarixi yaddaşına yazıldı, məhz bunlar müğənninin sənətini hər bir qəlbi kövrək insana doğma etdi.

Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edirdilər. Elə buna görə də, muğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunurdular. Şövkət xanımın konsertlərində tamaşaçı salonuna nəzər saldıqda tamaşaçıların dodaqlarının tərpənməsinin şahidi olurduq, çünki müğənninin ifa etdiyi mahnılar dillər əzbəri idi. Musiqidə belə bir məqam var: xalq tərəfindən sevilən mahnılar illər keçdikcə xalq mahnıları kimi qəbul olunurlar. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildən idi.

S.Rüstəmovun "Hardasan", "Oxu gözəl"; F.Əmirovun "Kor ərəbin mahnısı", "Gülərəm gülsən", "Layla"; C.Cahangirovun "Ana", "Bayram şamları"; Şəfiqə Axundovanın "Şəki", "Yaradan əllər kimi" mahnıları hələ də yaddaşlarda yenilənir. Bunun əsas səbəbkarı Şövkət xanımdır, çünki o, hər bir ifa etdiyi mahnını əsl mənada yaradaraq, bəstəkarın və şairin əməyini yerə salmır, yaratdıqları sənət incilərini yaşadır.

1993-cü il fevral ayının 7-də Azərbaycan qəlbi nəğmələrlə yoğurulan bir övladını, mələk kimi uçub gedən Şövkət Ələkbərovanı itirdi...

Bütün hüquqlar qorunur. (C) 2020