Kövkəb Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917-18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir.

1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər. Burada o ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz bu seminariyada da möhtəşəm ikilinin - Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır.

Musiqi Texnikumundan sonra Səfərəliyeva dövlət konseravatoriyasının fortopiano şöbəsinə daxil olur. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Onlardan öyrəndiklərini isə o, illər sonra məhz elə bu musiqi ocağında yeni nəslə öyrədəcəkdi. Əvvəlcə təcrübəçi-pedaqoq sonra isə xüsusi fortopiano sinfinin pedaqoqu kimi.

Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, 1952-ci ildə həmin tədris müəssisəsinin professoru olmuşdur. Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və onun direktoru olmuşdur.

Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Biz cəsarətlə deyə bilərik ki, K.Səfərəliyevanın çətinliklərlə dolu həyatı bir çox musiqiçi üçün mənəvi kömək olmuşdur. Nüfuzlu musiqiçi, pianoçu-pedaqoq, metodist, publisist, musiqi redaktoru, maarifçi, təbliğatçı, inzibatçı və təşkilatçı olan K.Səfərəliyeva ictimai xadimlər içərisində ən şərəfli yerlərdən birini tutur və özünəməxsus etik görüşləri və fəal həyat mövqeyi prinsiplərinə malik olan yetkin bir sənətkar kimi seçilir.

P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, K.Səfərəliyevanı yaxşı tanıyan Yakov Isakoviç Milşteyn özünün şifahi çıxışlarında Kövkəb xanımı Azərbaycan musiqi mədəniyyətinin unudulmaz simalarından biri, «həyatda daim milli pianoçuluq sənətinin alovlu entuziastı olan, yüksək intellektual mədəniyyətə malik həssas musiqiçi-pedaqoq» 1 adlandırmışdır.

Azərbaycanda fəaliyyət göstərən parlaq yaradıcı şəxsiyyətlər birlikdə mütərəqqi fortepiano məktəbi yarada biləcək nəhəng bir bədii qüvvəni təşkil edirdilər. Onların mövqeləri müxtəlif idi. Onlardan hərəsi öz «fəlsəfi dayağını», öz əsasını təklif edirdi. Lakin son nəticədə bu görkəmli musiqiçilərin bədii görüşləri ümumi məqsədə – sözün əsl mənasında fortepiano sənətini mənimsəməyə imkan verəcək ən mükəmməl və vahid formaların tapılmasına yönəlmişdi.

Müasir musiqi sənətinin taleyi XX əsrin bir sıra görkəmli musiqiçilərinin çoxşaxəli və fədakar fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Respublikanın ilk musiqi-ictimai xadimləri – Ü.Hacıbəyov, M.Maqomayev, A.Zeynallı, Ə.Bədəlbəyli, Ş.Bədəlbəyli, fortepiano pedaqogikasının baniləri olan yüksək ixtisaslı musiqiçilər N.D.Nikolayev, M.L.Presman, I.S.Ayzberq, istedadlı pianoçu-pedaqoqlar G.G.Şaroyev, M.R.Brenner və K.K.Səfərəliyeva Azərbaycanda fortepiano məktəbinin inkişafı üçün yollar açmış və respublikanın musiqi mədəniyyətində əsl hadisə olmuşlar. Bu nəcib şəxsiyyətlər, yorulmaz yaradıcılıq enerjisinə malik sənətkarlarımızın işıqlı xatirəsi daim qəlbimizdə yaşayır.

Kövkəb xanım ata və ana xəttilə bağlı olduğu Səfərəliyevlər və Ziyadxanovlar nəslinə xas olan gözəl və nadir insani keyfiyyətləri – ictimai həssaslıq, insanlar qarşısında öz borcunu dərk etmək, başqalarına qarşı diqqət, hamının dərdinə şərik çıxmaq, zülmə qarşı nifrət hissi, saxtalıqdan uzaq olmaq kimi cəhətləri bütünlüklə özündə daşıyırdı.

Tələbəsi Adilə Mailova sevimli fortepiano müəlliməsi haqda yazdığı kitabda deyir: “Biz tələbələri onu evində ziyarət edirdik. Bizi görəndə dirçəlirdi elə bil. Bir dəfə böyük bir konsertimiz olmalı idi. Konsertdən əvvəl onu ziyarətə getdik. Bizi görüb qalxıb oturdu, dedi bütün konserti mənə ifa edin görüm necə hazırlaşmısınız. Çətin olardı, amma elədik. Bütün ifaları dinlədi, həm də başqa alətlərin ifası olmadan, yalnız fortepiano ilə. Sonra bizə öz məsləhətlərini də verdi. 1985-ci ilin 15 apreli idi, biz çox mehribanlıqla ayrıldıq. Konsertdə bizə böyük bir buket göndərmişdi, heç unutmarıq o günü”

1985-ci ilin iyununda Kövkəb xanım Səfərəliyeva dünyasını dəyişir. Fəxri xiyabanda tələbələrinin müşayiəti ilə torpağa tapşırılan professor haqqında tələbələri hamısı bir cümləni göz yaşları içində dəfələrlə təkrar edirdilər: “Kövkəb xanım bizim üçün həm musiqiçi, həm müəllim, həm də insan kimi etalondur”.

Bütün hüquqlar qorunur. (C) 2020