Validə Tutayuq 23 sentyabr 1914-cü ildə Şuşada anadan olub. Burada doqquz illik məktəbi bitirdikdən sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsinə daxil olub. İnstitutu başa vurduqdan sonra Validə Tutayuq aspiranturaya daxil olmuş, sonra isə təhsilini 1935-ci ildə V.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında davam etdirmişdir. Burada dünya şöhrətli akademik T.M.Jukovskinin rəhbərliyi altında müxtəlif tədqiqat işləri apararaq dissertasiya yazmış, bitkilərin xüsusiyyətlərini əsaslı şəkildə tədqiq etmişdi. 1939-cu ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alan Validə Tutayuq Azərbaycana qayıtmışdı. O, bir müddət Gəncə Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri işləmişdi. 1949-cu ildə Leninqradda V.L.Komarov adına Botanika İnstitutunun elmi şurasında doktorluq dissertasiyası müdafiə edərək biologiya və kənd təsərrüfatı sahəsində nəinki Azərbaycanda, ittifaqda ilk qadın elmlər doktorlarından və professorlarından biri olmuşdur.

1959-cu ildə Kanadanın Monreal şəhərində dünyanın 72 ölkəsindən gəlmiş 6 mindən çox alimin iştirak etdiyi botaniklərin IX beynəlxalq konqresi keçirilmişdi. Həmin ərəfədə Validə Tutayuqun "Çoxləçəkli çiçəklərin quruluşu" monoqrafiyası təzəcə çap edilmişdi. Bu nəşr təkcə keçmiş sovetlər birliyində deyil, həm də bir çox xarici ölkədə böyük əks-səda doğurmuşdu. Konqresdə də bu məsələ gündəmə gətirilərək Validə Tutayuqun bu sahədəki xidmətləri yüksək dəyərləndirilmiş, onun təcrübəsi dünyanın 20-dən çox ölkəsində öyrənilməyə başlanılmışdı.

Alimin elmi fəaliyyəti əsasən iki istiqamətdə inkişaf edirdi. O, həm bəzək, bağçılıq və yaşıllaşdırma sahəsində mütəxəssis idi, həm də respublikanın müxtəlif rayonlarında bir sıra ekspedisiyalar həyata keçirərək anatomik tədqiqatlar aparırdı. Validə Tutayuqun rəhbərliyi ilə ötən əsrin 70-ci illərində respublika otlaqlarının geobotanik cəhətdən öyrənilməsi dövlət əhəmiyyətli iş kimi dəyərləndirilirdi. Onun rəhbərliyi ilə təşkil olunan ekspedisiyalarda 100-dən artıq adam iştirak edirdi.

Validə Tutayuqun təşəbbüsü ilə Ümumittifaq Botanika Cəmiyyətinin Gəncə şöbəsi yaradılmış və özü də həmin quruma sədr seçilmişdi. Vətənpərvər alim bir çox tanınmış mütəxəssislərlə birlikdə respublikanın yaşıllaşdırılması layihəsinin hazırlanmasında fəal iştirak edirdi. O, 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. Elmdə göstərdiyi səmərəli xidmətə görə müxtəlif orden və medallara layiq görülmüşdü. 1974-cü ildə respublikanın elmi ictimaiyyəti bu məşhur alimin anadan olmasının 60 illiyini yüksək səviyyədə qeyd etdi. Elə həmin günlərdə Validə Tutayuq əməkdar elm xadimi adına layiq görüldü.

Azərbaycanın florasına aid 130-dan çox elmi məqalənin, 6 monoqrafiya və 6 dərsliyin müəllifi idi. Validə Tutayuqun yazdığı "Bitki anatomiyası və morfologiyası", "Azərbaycanın yaşıllaşdırılması", "Bitki teratologiyası" əsərləri ali məktəb və texnikum tələbələri tərəfindən dərslik kimi istifadə olunur.

Tutayuqlar ailəsinin sonbeşiyi Validə xanım isə əvvəldə qeyd etdiyimiz kimi, biologiya sahəsində ilk azərbaycanlı qadın alimdir. Təəssüf ki, görkəmli alim cəmi 66 il ömür sürüb, lakin elmə verdiyi töhfələr onun ölümsüzlüyünü şərtləndirib.

Bütün hüquqlar qorunur. (C) 2020