Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Gürcüstanda anadan olub. O, bir müddət Bakıda yeni tipli qız məktəbində təhsil alıb. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. İlk illərdə Bakı Türk İşçi Teatrının köməkçi heyətinə qəbul olunan Rəmziyyə Veysəlova burada səhnəyə qoyulan tamaşalarda iştirak etməklə epizodik rollar oynayıb. F. Pavlovun “Çin tanrısı”da Viyen, N. Paqodinin “Balta poeması”da Qız, V. Kirşonun “Küləklər şəhəri”də Qadın, Ə. Hamidin “Hind qızı”da Stelina, Ə. Fövzinin “Gizli əl”də Əsli, H. Nəzərlinin “Yollar”da Gülbahar obrazları onun ilk səhnə uğurlarındandır.

Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, iti yaddaşı, emosional cazibə qüdrəti Rəmziyyə Veysəlova yaradıcılığının əsas amillərindən hesab edilir. O, öz yaradıcılığında romantizmlə realizmin poetika xüsusiyyətlərindən eyni səviyyədə, böyük ustalıqla istifadə etməyi bacarırdı. Hər zaman səhnədə olarkən Rəmziyyə Veysəlova romantik rollarda aktyorluq istedadının coşqun ehtirası, daxili temperamenti, realist rollarda səmimiyyəti, təbiiliyi və ifadə vasitələrinin əlvanlığı ilə səciyyəvi, orjinal, bədii-estetik cəhətdən hər zaman kamil görünürdü. Rəmziyyə xanım qısa zamanda Şəkidə, sonra da Aşqabadda fəaliyyət göstərib. 1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçüb. Belə ki, 1932-ci ilin sonlarında gənc fırça ustası, sonralar Gəncə Dövlət Dram Teatrında tərtibatçı rəssam və baş rəssam işləyən Bəhram Əfəndiyev Aşqabad teatrında işləməyə dəvət alıb. Bu minvalla aktrisa orada üç ilə yaxın “Rəmziyyə” və “Rəmziyyə Əfəndiyeva” kimi çıxışlar edib, müəyyən təcrübə toplayıb. Aktrisa Aşqabad teatrının səhnəsində C. Cabbarlının “Yaşar”da Yaqut, “Od gəlini”də Solmaz, U. Şekspirin “Otello”da Dezdemona, Ş. Saminin “Dəmirçi Gavə”də Mehriban, Ə. Hamidin “Hind qızı”da Elampa, A. Niyazovun “Qızıl orden”də Ceyran və digər maraqla qarşılanan obrazları oynamağa müvəffəq olub.

1934-1935-ci il teatr mövsümündə həyat yoldaşı Bəhram Əfəndiyevlə Gəncəyə gəlir və hər ikisi burada teatr kollektivinə qəbul olunur. Qeyd etmək lazımdır ki, bu dövrdə Gəncə Teatrında Rəmziyyə Veysəlova kimi bu səpkili aktrisa yox idi. Bu dövrdə onun həmyaşıdı olan Barat Şəkinskaya teatrdan inciyib, Bakıya getmişdi. Ona görə də Rəmziyyə Veysəlova tezliklə teatrın aparıcı aktrisasına çevrilə bildi. Klassik əsərlərdə möhtəşəm romantik xarakterlər, dünya ədəbiyyatı nümunələrində poetik realist obrazlar yaradan aktrisa Rəmziyyə Veysəlova Gəncə Dövlət Dram Teatrında lirik-psixoloji üslubun yaradıcılarından və aparıcı sənətkarlarından biri hesab edilir. Aktrisaya hər zaman rejissorlar tərəfindən həm sevgili, həm qəhrəman, həm də dramatik səciyyəli aparıcı rollar tapşırılırdı və o, səhnədə rejissorların ümidini doğruldurdu. Eyni zamanda aktrisa hər zaman axtarışlar aparır, istedadını cilalayıb formalaşdırmaq yolunda fədakarlıq göstərirdi. Bu baxımdan onun milli klassiklərin əsərlərində oynadığı C. Cabbarlının “Nəsrəddin şah”da Sitarə, “Od gəlini”də Gülsüm, “1905-ci ildə”də Nabat, “Almaz”da Mariya Timofeyevna və Almaz, S. Vurğunun “Vaqif”də Gülnar, Xuraman və Tükəzban, “Fərhad və Şirin”də Məryəm, S. Rəhmanın “Küləklər”də Firuzə xanım, “Toy”da Kamilə, “Xoşbəxtlər”də Sənubər, M. F. Axundzadənin “Hacı Qara”da Tükəz, H. Cavidin “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Nina və Südabə, Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”da Mehri xanım obrazları maraqla baxılır və tamaşaçılar tərəfindən sevilirdi. Aktrisa Rəmziyyə Veysəlova hər an səhnədə ifa etdiyi bu obrazlarda xarakterin psixoloji inkişaf xəttinə uyğun şəkildə kövrək pıçıltıdan, həzin lirizmdən partlayan ehtirasa qədər səsinin bütün çalarlarından mahir bir səhnə ustası olaraq istifadə etməyi bacarırdı.

Bu gün Rəmziyyə Veysəlovadan söz düşərkən Gəncə Dövlət Dram Teatrının aktrisası, respublikanın əməkdar artisti Rəhilə Məmmədova onu sənət müəllimi adlandıraraq deyir: “Yaxşı yadımdadır, Əlibala Hacızadənin “İtgin gəlin” pyesində Cahan obrazı xalq artisti Rəmziyyə Veysəlovadan sonra mənə tapşırıldı. Ancaq obraz həvalə olunsa da sözlərini əzbərləmək üçün vermədilər. Heç yadımdan çıxmaz. Xalq artisti mərhum sənətkarımız Rəmziyyə Veysəlova məni öz evinə çağırıb, obrazın həm sözlərini, həm də əlimdən tutub mizanlarını öyrətdi. Həmin axşamı gəlib tamaşanı oynadım. Səhnədə həddən artıq tələbkar bir tərəfmüqabilim olan xalq artisti Sədayə Mustafayeva ilə oynamaq mənim üçün böyük imtahan demək idi. Mən buna baxmayaraq bu imtahandan çıxdım. Hətta teatrın o zamanlar baş rejissoru və bu tamaşanın quruluşçu rejissoru olan respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırov gəlib dedi ki, tamaşada heç bilinmədi ki, Rəmziyyə Veysəlova yoxdur. Sanki o özü oynadı bu səhnəni yenə də. Mən bu gün qocaman səhnə ustaları Rəmziyyə Veysəlova və Sədayə Mustafayeva kimi sənətkarlarımız olmasa idi səhnənin uğurunu heç vaxt bölüşə bilməzdim”.

Xalq artisti Rəmziyyə Veysəlovanın Azərbaycan mədəniyyəti tarixində xidmətləri hər zaman yüksək qiymətləndirilib. Belə ki, 24.12.1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, 30.04.1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 20.05.1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Rəmziyyə Osman qızı Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat edib.

Bütün hüquqlar qorunur. (C) 2020