Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. 1979-cu ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub.

1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakültəsini bitirsə də, o, jurnalist kimi fəaliyyət göstərməyə başlayır. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır.

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara alır. Salatın evdən hərbi forma geyinib çıxır. Batalyon komandiri podpolkovnik Oleq Larionov sibirli idi. O, 5 il batalyona rəhbərlik edir və həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qoruyur. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd edirlər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas edir.

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus “UZ 469” markalı 30-14 NB dövlət nömrə nişanlı avtomobil atəşə tutulur. Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələyirlər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi sayırlar. Hərbi maşının sürücüsü — serjant İ.Qoyek ölməzdən əvvəl əyləci basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir.

Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub və yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.

Bütün hüquqlar qorunur. (C) 2020