Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının (indiki Şəkidə) Baş Göynük kəndində ruhani ailəsində dünyaya göz açıb. Bu ailə rayonda məşhur, əsil-nəcabətli və varlı olub.

Deyilənə görə, Gülarə Qədirbəyova uşaq yaşlarından öz fikirlərini sərbəst, aydın və çəkinmədən söyləmək qabiliyyətində olub. Yaşıdlarından qətiyyəti, cəsarəti, ötkəm xasiyyəti və azad düşüncəsi ilə seçilən Gülarənin ailəsi onun bu xasiyyətindən həmişə narahat olub. Gülarənin ən böyük arzusu təhsil almaq, biliklərə yiyələnmək, insanlara, ən azı öz həmkəndlilərinə faydalı olmaq, onların övladlarına savad öyrətmək olub.||

"Şərq qadını” jurnalının ilk xanım yazarı.

O dövrdə imkanlar çox məhdud olduğundan atası Gülarəyə yalnız ibtidai təhsil verə bilib. Lakin o, 1920-ci ildə Sovetlər yenicə bərqərar olduğu illər savadlı insanlara böyük ehtiyac duyulmasından faydalanaraq Şəkidə açılmış pedaqoji kurslara daxil olub oranı bitirir və müəllimlik hüququ qazanır. Gənc müəllim kənddə qızlara dərs deməyə başlayır, ictimai fəaliyyətə də həmin gündən qədəm qoyur. Lakin cəhalətin qan-qan dediyi, köhnəliklə yeniliyin təzadlarının çarpışdığı, əsrlərin ətalətindən çox çətinliklə qurtulan kəndlərdə qızların məktəbə gəlməsi də o qədər asan məsələ olmayıb. Gülarə hər gün dərsə gəlməyən qızların dalınca evlərinə gedib valideynlərini başa salmalı, bəzən uzun-uzadı söhbət etməli, hətta dil tökməli olub. Daha sonra ictimai işlərə qoşulan G.Qədirbəyova 20 yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib və elə həmin vaxtdan da qadın azadlığı uğrunda mübarizənin ön sıralarında addımlamağa başlayıb.

Onun bu mübarizəsi çoxlarının narahatlığına səbəb olduğundan hər dəqiqə təhlükə qarşısında qalıb. Həmin ağır zamanlarda Gülarə Qədirbəyova maraqlı, oxunaqlı yazıları ilə ədəbi mühitin də məhəbbətini qazanıb. Öz ideyalarını yaymaq məqsədi və sərbəst düşüncə tərzi onu mətbuata çox erkən gətirib. Hələ rayonlarda çalışdığı illərdə "Yeni fikir”, "Kəndli qəzeti” və başqa mətbuat orqanlarında çıxışlar edib. 1923-cü ildə "Şərq qadını” jurnalı nəşrə başlayanda Gülarə Qədirbəyova burada müəlliflik edən ilk xanım yazarlardan biri olub. Həmin vaxtdan qələmi onu Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi mütərəqqi ruhlu, poeziya ulduzlarına, görkəmli şair və yazıçılara tanıtdırıb.

“Həyatın hər üzünü iş prosesində gördüm.”

1931-ci ilin mayında Gülarə xanım "Şərq qadını” jurnalının redaktoru təyin olunub və bununla da onun həyatında yeni bir səhifə açılıb. Yazılarını Köylü qızı imzası ilə yazan Gülarənin jurnalın səhifələrindəki hər çıxışı diqqəti cəlb edib. Onun qələmindən çıxan alovlu publisistik məqalələr Azərbaycan qadınlarını elmə, savada, təhsilə səsləyib. Məqalələri həyatın müxtəlif sahələrini əhatə edib. Təkcə 1932-1937-ci illərdə yazdığı "Qadın azadlığı və ziyalılarımız”, "Qadın klublarında yeni iş sistemləri haqqında”, "Bütün savadsız qadınlar savad kurslarına”, "Savadsızlıqla mübarizə işinə ciddi əhəmiyyət verməli”, "Qızların məktəbə cəlb olunması yolunda qarşıya çıxan kəsirləri qəti surətdə aradan qaldırmalı”, "Qadın klub və guşələrini yenidən qurmalı” sərlövhəli aktual məqalələri bütün ictimaiyyət arasında səs salıb. Onun jurnalist və publisist kimi yaradıcılığında yüksək intellektual səviyyə, beynəlxalq hadisələrə yaxından bələdlik aydın hiss olunurdu.

Köylü qızı 1932-1937-ci illərdə Əli Bayramov adına Mərkəzi Qadınlar Klubunun direktoru vəzifəsində çalışıb.

Gülarə Qədirbəyova öz xatirələrində yazıb: "Mənim gənc həyatım qadın hərəkatının ilk həqiqətləri ilə bağlı oldu və böyük təcrübəli işlərim mənim üçün bir məktəbə çevrildi. Həyatın hər üzünü iş prosesində gördüm”. Bu sözlərdə, çox güman ki, mətləbi sirli qalan, sətiraltı nə qədər məna vardı.

Köylü qızının xoş niyyətlə gördüyü işlər, yazdığı məqalələrdə belə rəhbərlikdə oturanlar şübhəli məqamlar axtarır, hər addımı böyük söz-söhbətə səbəb olurdu. Onu böyük zirvəyə aparan yolun qarşısını kəsmək üçün mütləq səbəb və üsul tapmaq lazım idi. O dövrdə isə bütün bunlara nail olmaq elə də çətin deyildi. Repressiya maşını işləyir, kimin desən həyatını yarımçıq kəsirdi. Gülarə Qədirbəyovanı da əksinqilabi millətçi təşkilatın üzvü kimi şərlədilər. "Dəlil-sübut” isə "Bir sarayın tarixi” adlı kitab oldu.

Xüsusi Müşavirənin 1939-cu il 9 iyul tarixli (protokol №14) qərarı ilə Gülarə Qədirbəyova 5 il Sibirə sürgün edilmiş, 1942-ci ildə isə Sibir sürgünündə dünyasını dəyişmişdir.

Bütün hüquqlar qorunur. (C) 2020