Sona Vəlixan 1883-cü ildə Qazaxda anadan olub.

Onun adı Azərbaycan tarixinə ilk ali tibbi təhsili olan və ilk tibb elmləri doktoru elmi dərəcəsi alan ziyalı kimi həkk olunub. Onun elmi araşdırmaları, tibb sahəsindəki fəaliyyəti Nobel Komitəsinin də diqqətini cəlb edib.

Sona Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib. 1923-1939-cu illərdə o, Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışıb, 1939-1971-ci illərdə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olub.

1946-1960-cı illərdə Sona xanım Vəlixan Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi öz elmi fəaliyyətini bu qurumda davam etdirib.

Gərgin elmi fəaliyyəti sayəsində onun 60-dan artıq elmi əsəri, o cümlədən 2 monoqrafiyası tibb elminə öz töhfələrini verib.

Pedaqoji fəaliyyətinin əsas hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr edən Sona xanımın rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilib. Onun elmi nailiyyətləri dünyanın bir çox elm ocaqlarında maraqla qarşılanıb, beynəlxalq elmi təşkilatlar Sona xanım Vəlixanın elmi yaradıcılığını yüksək qiymətləndirib.

Ən başlıcası isə Sona xanım Vəlixanın “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətinin özünə cəlb edib və onun mükafata namizədliyi qeydiyyata alınıb. Məlum olduğu kimi İkinci Dünya Müharibəsi zamanı Nobel Komitəsinin fəaliyyətində yaranan durğunluq nəticəsində Sona xanım Vəlixanın elmi işi Nobel Mükafatına layiq görülməkdən məhrum olub.

 

Bütün hüquqlar qorunur. (C) 2020