İzzət Orucova 16 sentyabr 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk azərbaycanlı kinoaktrisa hesab olunur. Bu cəsarətli addım cəmiyyətdə qadınların sosiallaşmasına, xüsusilə, səhnədə görünməsinə alışılmamış zamanlar idi. Belə bir dövrdə kinoya çəkilmək gənc tələbə qızdan böyük cəsarət istəyirdi. İzzət xanım hələ tələbəlik illərində Azərbaycanfilm ilə əməkdaşlıq etmiş, 1929-cu ildə Cəfər Cabbarlının pyesləri əsasında lentə alınmış "Sevil", 1936-cı ildə isə "Almaz "filmlərində baş rollarda çəkilmişdir.

Karyerasının sonrakı illərində fəaliyyətini elm sahəsində davam etdirmiş akademik İzzət Orucova maraqlı həyat yolu keçmişdir. Azərbaycan Sənaye İnstitutunun neft texnologiysı fakültəsini 1932-ci ildə bitirmiş, elə həmin ildən Neft Emalı Elmi Tədqiqat İnstitutunda laborant vəzifəsində fəaliyyətə başlamış və laboratoriya rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. İzzət xanım 1947-ci ildə namizədlik, 1962-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edərək texnika elmləri doktoru adını almış, həmin ildə də professor adına layıq görülmüşdür. İzzət Orucova təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında neft texnologiyası üzrə elmlər doktoru dərəcəsi almış ilk qadındır. İzzət Orucova 1959-cu ildən Azərbaycan Elmlər Akademiyası Neft Kimya Prosesləri İnstitutunda, 1965-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda laboratorıya rəhbəri olmuşdur. O, 1967-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki-kimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1971-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda laboratoriyaya rəhbərlik etmişdir. İzzət xanım sürtkü yağlarının istehsalı texnologiyası, onlara uyğun aşqar kompozisiyasının yaradılması və tətbiqi sahəsində gördüyü işlərlə məşhurluq qazanmışdır. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olmuşdur.

1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmiş, o cümlədən dörd dəfə deputat seçilmişdir. Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil etmişdir. O, neft kimyasının müxtəlif problemlərinə dair 200-dən artıq elmi məqalənin, 30-a qədər müəlliflik şəhadətnaməsinin və bir cox monoqrafiyanın müəllifidir.

Yüksək ixtisaslı kadrların hazırlanmasında İzzət xanımın xidmətləri böyükdür. Onun birbaşa rəhbərliyi ilə iki elmlər doktoru və on bir elmlər namizədi yetişmişdir. Akademik İzzət Orucovanın ictimai fəaliyyəti də xüsusi işlərlə yadda qalmışdır. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olmuşdur.

İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib.

Bütün hüquqlar qorunur. (C) 2020