Bəsti Bağırova 1906-cı ildə Goranboy rayonunun Bağçakürd kəndində anadan olub. Üç yaşında ikən ata-anadan yetim qalıb. Yeganə qardaşı Əlinin himayəsində böyüyüb. Erkən yaşlarından təsərrüfat işlərində çalışmağa başlayıb. Zirək idi, yorulmaq bilmirdi. Qısa bir vaxtda iki əllə pambıq yığan sürət ustaları hərəkatını yaratdı. İlk günlərdə 100-120 kiloqram ağ qızıl topladı. İki-üç ildən sonra bu rəqəmi iki yüz kiloqrama çatdırdı.

1930-cu ildə Bakıda keçirilən zərbəçi əmək adamlarının birinci toplantısında Bəsti Bağırovanın işi hamıya nümunə göstərildi. Respublika partiya təşkilatının on ikinci qurultayında çıxış edərək gündəlik yığımı 250 kiloqrama çatdırmağa söz verdi. Bir ildən sonra Moskvada kənd təsərrüfatı işçilərinin ümumittifaq qurultayında öz təcrübəsi barədə ətraflı məlumat verdi.

Bəstinin şöhrəti Özbəkistan və Türkmənistan respublikalarında da yayılmışdı. Həmkarları onunla görüşməyə, əlaqə yaratmağa, iş təcrübəsini öyrənməyə çalışırdılar. 1937-ci ildə Bəsti Bağırovanın manqası hər hektarın məhsuldarlığını iki dəfə artıraraq 80 sentnerə çatdırdı. Elə buna görə ümumittifaq sərgisinin qızıl medalına layiq görüldü. Beləliklə, Baxçakürdün yetirməsi pillə-pillə ucalırdı. 1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçildi. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bir neçə ildən sonra uğurlarını daha da artırdı. Yenidən SSRİ Ali Sovetinin deputatı oldu və ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adını aldı.

Bəsti Bağırova fədakarlıq göstərməklə yanaşı, həm də kəndin ictimai işlərində fəal iştirak edir və qazandığı təcrübəni yaymağa çalışırdı. İşgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq onu Baxçakürd kolxozuna sədr seçdilər və o, ömrünün sonuna kimi burada çalışdı. İş yoldaşı Qasımla ailə qurdu. Bəsti Bağırova təkcə öz işi, səriştəsi ilə yox, həm də nəzakəti, xoş rəftarı ilə çoxuna nümunə göstərirdi. 

B.Bağırova haqqında çox yerdə çox adam çox şey yazıb. Amma bu hünərvər qadını ən geniş tanıdan, məşhurluq qazandıran Səməd Vurğun olmuşdur.

Böyük şair Bəsti Bağırovanı sadəcə əmək qəhrəmanı kimi təsvir etmirdi. O, keçmiş dövrlərdə qadına olan yanlış münasibətlərə ciddi etiraz edirdi.

Anan səni doğanda adına “Bəsti” dedi.
Əllərimi bu fələk oğuldan kəsdi dedi.
Beləydi qayda bizdə: qız doğanda analar
Baxıb qara geyərdi su üstündə sonalar.

Nə üçün belə idi? Qadına, gəlinə yanlış münasibət illər boyu necə yaranmışdı?

...Deyərdilər qız nədi?
Qazancı yox, varı yox.
Vəfası yox, qəlbi yox,
aşiqə ilqarı yox.
Özgə şamı yandırır,
bu gün-sabah gedəcək,
Köçəri quş kimidir,
oylağı tərk edəcək.

Səməd Vurğunun poemasından görünür ki, Bəsti Bağırova bu köhnə təsəvvürləri öz işi, davranışı ilə alt-üst etdi. Poemada məhz bu sahədə Bəstinin gördüyü işlər məhəbbətlə, hörmətlə təsvir olunur, ictimai mühitdə qadının roluna və yerinə aydınlıq gətirilir. Məhz buna görə də Səməd Vurğunun “Bəsti” poeması dillər əzbəri oldu. 

Bəsti Məsim qızı Bağırova 1962-ci il fevral ayının 27-də 56 yaşında dünyasını dəyişib. Bakıda Fəxri xiyabanda dəfn olunub. 

Bütün hüquqlar qorunur. (C) 2020